Azərbaycan.media xəbər verir ki, Türkiyədə doğum nisbətinin sürətlə aşağı düşməsi ölkənin demoqrafik gələcəyi üçün ciddi təhdidə çevrilir. Bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz açıqlama verib.
Onun sözlərinə görə, 2017-ci ildə 2,08 olan doğum göstəricisi 2024-cü ilə qədər 1,48-ə enib. Halbuki hazırda qlobal orta göstərici 2,25 təşkil edir. Vitse-prezident bildirib ki, Türkiyə doğum səviyyəsinin azalma sürətinə görə dünyada Çin, Cənubi Koreya, Argentina və Küveytdən sonra beşinci yerdə qərarlaşıb.
C.Yılmaz qeyd edib ki, əhalinin stabil qalması üçün hər bir ölkədə doğum nisbəti ən azı 2,1 və ya daha yüksək olmalıdır. Türkiyədə son 250 ildə əhalinin orta yaşı 24,8-dən 34,4-ə yüksəlib və növbəti 10 ildə bu rəqəmin 40-a yaxınlaşacağı proqnozlaşdırılır.
“2000-ci illərdə əhalinin 65 və daha yuxarı yaşda olan hissəsi 5,7 faiz idisə, 2023-cü ildə bu rəqəm artıq 10 faizi keçib. Mövcud tendensiya davam edərsə, 20 ildən sonra yaşlı əhalinin payı 20 faizi aşacaq”, – deyə vitse-prezident xəbərdarlıq edib.
Yılmaz bildirib ki, hazırkı artım templəri davam edərsə, Türkiyə əhalisi heç vaxt 100 milyon nəfərə çatmayacaq. 2050-ci ilə qədər əhalinin 94 milyona, 2100-cü ilə qədər isə 77 milyona enəcəyi proqnozlaşdırılır.
O, gəncləri ölkənin beynəlxalq rəqabət qabiliyyətini artıran “strateji dəyər” adlandıraraq, gənc ailələri dəstəkləyəcək yeni sistemli modelin hazırlandığını və 2027-ci ildə tətbiq oluna biləcəyini vurğulayıb.
Ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş isə qeyd edib ki, hazırda Türkiyədə ailələrin 57 faizində 18 yaşdan aşağı övlad yoxdur və növbəti beş ildə ibtidai sinif şagirdlərinin sayı 900 min nəfər azalacaq.
