Azərbaycan.media xəbər verir ki, ötən ilin dekabrında Aktau yaxınlığında qəzaya uğramış AZAL təyyarəsindən yeni görüntülər yayılıb. Videonu qəza zamanı atasını itirən Abbas sosial şəbəkədə paylaşıb. O bildirib ki, iki gün əvvəl atası Rəşid Qıstarovun telefonu ailəyə təhvil verilib və paylaşılan kadrlara da qəzadan əvvəl onun tərəfindən çəkilmiş görüntülər daxildir.
Xatırladaq ki, 2023-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.
Hadisəyə səbəb kimi Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raketin təyyarəyə dəyərək onu vurması göstərilir. Məsələ bir neçə ay əvvəl Düşənbədə Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə də müzakirə edilib.
Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və məsul şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. O əlavə edib ki, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”, – Rusiya Prezidenti vurğulayıb.
