Azərbaycan.media xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Maneələri aşanlar” adlı inklüziv konsert proqramı təşkil olunub.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyinin və “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.
Konsertdən əvvəl qonaqlar sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Ardınca xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hazırlanan konsert proqramı təqdim edilib.
Səhnədə “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, Çinarə İsmiyeva və görmə məhdudiyyətli ifaçı Rəvanə Ağamirova duetlə çıxış ediblər. Proqramda muğam ifaçısı, autizmli vokalist Ramiz Ağayevin “Bayatı-Şiraz” ifası da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Dirijor Nəsibə Cəfərovanın rəhbərliyi ilə inklüziv heyətdə “Cəngi” xalq çalğı alətləri orkestri və “Səma” rəqs ansamblı səhnəyə çıxaraq müxtəlif kompozisiyalar təqdim ediblər.
Gecənin ən təsirli məqamlarından biri şairə Nigar Həsənzadənin poetik kompozisiyası olub. Əsər autizmli pianoçu Ayxan Quluzadənin müşayiəti və jest dili tərcüməsi ilə təqdim edilib.
Tədbir çərçivəsində modelyer Ayten Osmanovanın sağlamlıq imkanları məhdud uşaqlar üçün hazırladığı “Özəl şəxslər” adlı xüsusi kolleksiya nümayiş olunub. Kəlağayı motivləri əsasında hazırlanan bu kolleksiyanı 18 inklüziv iştirakçı səhnədə təqdim edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında uşaqların proqram boyu göstərdikləri yüksək performansın onların istedadının və onlara göstərilən qayğının bariz nümunəsi olduğunu vurğulayıb. O, həm müəllimlərə, həm də bu prosesdə fəal iştirak edən gənclərə təşəkkürünü bildirib.
Tədbir Azərbaycanın ilk inklüziv himnlərindən biri sayılan “Özəl şəxslər” kompozisiyasının uşaq xoru tərəfindən ifası ilə başa çatıb.
Konsertin məqsədi mədəniyyətin birləşdirici gücü vasitəsilə fərqli imkanlara malik insanların cəmiyyətin ayrılmaz hissəsi olduğunu nümayiş etdirmək, stereotipləri aradan qaldırmaq və inklüziv dəyərləri gələcək nəsillərə aşılamaq olub.
