Səudiyyə Ərəbistanı və Rusiya vizasız rejim barədə razılığa gəldi

Azərbaycan.media xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında vizasız rejimin tətbiqinə dair razılıq əldə olunub. Bu barədə məlumatı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi açıqlayıb.

Bildirilib ki, iki dost ölkə arasında imzalanan saziş qarşılıqlı vizadan azad olunmanı nəzərdə tutur. Qeyd olunur ki, razılaşma dövlətlər arasındakı inkişaf etmiş tərəfdaşlığın dərinliyini göstərir, humanitar əlaqələri genişləndirir və turizm, iqtisadiyyat, mədəniyyət sahələrində mübadilə imkanlarını daha da artırır.

Sazişə əsasən, hər iki ölkə vətəndaşları 90 gün müddətinə vizasız səfər edə biləcəklər. Lakin bu qayda iş, təhsil, daimi yaşayış və ya həcc ziyarəti məqsədilə ölkəyə gələn şəxslərə şamil olunmur. Bu kateqoriyalar üçün xüsusi viza alınması tələb olunur.