Azərbaycan.media xəbər verir ki, Azərbaycan və Ermənistan deputatları ilə vətəndaş cəmiyyəti təmsilçilərinin dialoqlarından sonra jurnalistlərin də iştirakı ilə görüşlərin keçirilməsi məsələsi aktuallaşıb.
Modern.az-a danışan Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, noyabrın 29-da Tbilisidə “Media nifrətə və düşmənçiliyə qarşı” mövzusunda tədbir keçirilib. Görüşdə Gürcüstan və Ermənistan jurnalistləri iştirak edib.
Onun sözlərinə görə, müzakirələrin əsas məqsədi peşəkar medianın millətlərarası münasibətlərin tənzimlənməsində rolunun artırılması, nifrət nitqindən uzaq durulması və cəmiyyətlər arasında düşmənçiliyin yenidən alovlanmamasıdır.
Qulu Məhərrəmli qeyd edib ki, dünyada – Rusiya–Ukrayna müharibəsi də daxil olmaqla – müxtəlif konfliktlərdə medianın davranışı, istifadə olunan terminologiya və cəmiyyətlərin psixoloji hazırlığı mühüm rol oynayır. Bu baxımdan, sülh prosesinin formalaşdığı dövrdə mətbuatın hansı ifadələrdən istifadə etməli olduğu xüsusi əhəmiyyət kəsb edir.
Professor bildirib ki, iki tərəf arasında tədricən yaxınlaşma prosesi gedir və qarşılıqlı səfərlər, dialoq təşəbbüsləri təbii qarşılanmalıdır. O vurğulayıb ki, ermənilərin Qarabağda törətdikləri qırğınlar unudulmamalı olsa da, düşmənçiliyin yenidən qızışdırılmaması əsas məqsəddir.
Görüş zamanı müharibədən sonrakı dövrdə münasibətlərin tənzimlənməsi üçün yeni media terminlərinin tətbiqi, etik kodekslərin gücləndirilməsi və uyğun nitqin işlədilməsi məsələləri də müzakirə olunub. Qulu Məhərrəmli əlavə edib ki, dialoqun davamı olaraq erməni jurnalistlərin Bakıya səfəri mümkün görünür.
Onun sözlərinə görə, bu görüş media əməkdaşlığının başlanğıcı olmasa da, 8 Avqust Sülh Bəyannaməsi çərçivəsində formalaşan yeni siyasi mühit sülhün davamlılığı üçün mühüm stimul yaradır.
