Azərbaycan.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valyuta ehtiyatları və idarə olunan üzən məzənnə rejimi manatın sabitliyinin qorunmasına imkan verməkdə davam edir. Bu barədə “Fitch Group”a daxil olan “Fitch Solutions” (FS) şirkətinin ölkəmizə dair yeni hesabatında qeyd olunub.
Hesabata görə, manatın ABŞ dollarına qarşı məzənnəsi 2026-cı ilədək 1,7 səviyyəsində qalacaq və yaxın perspektivdə ciddi dəyişiklik gözlənilmir. Qurum hesab edir ki, əhəmiyyətli xarici şoklar baş vermədiyi müddətcə məzənnədə kəskin dalğalanma üçün əsas yoxdur.
FS-nin proqnozunda vurğulanır ki, inflyasiya təzyiqlərinin yüksək olmasına baxmayaraq, ümumi azalma meyli AMB-yə ehtiyatlı yumşalma imkanı yaradır. Bu isə manatın sabitliyini dəstəkləyən əsas amillərdən biri kimi göstərilir.
