Azərbaycan.media xəbər verir ki, Bakı şəhərinin sosial-iqtisadi inkişafı və şəhərsalma təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirilən ictimai müzakirəyə Abşeron Ticarət Mərkəzi ev sahibliyi edib. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şura tərəfindən təşkil olunub. Müzakirədə sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarının müasir tələblərə uyğunlaşdırılması mövzuları müzakirə edilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri və 100-ə yaxın sahibkar iştirak edib.
İştirakçılar Mərkəz ilə tanış olaraq onun yeni şəhərsalma çağırışlarına hazırlığını və mövcud imkanlarını öyrəniblər. Bildirilib ki, 2030-cu ilədək inşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, hazırda fəaliyyət göstərən bizneslərin böyüməsinə təhlükə yoxdur. “Abşeron” Ticarət Mərkəzinin marketinq araşdırmalarına görə, sektorda orta hesabla illik 13,2% artım gözlənilir.
Ticarət Mərkəzi regionlara, eləcə də Bakının mərkəzi və ətraf ərazilərinə rahat çıxış imkanları, müntəzəm ictimai nəqliyyat bağlantıları və geniş parkinq sahələri ilə sahibkarlar üçün əlverişli infrastruktur təqdim edir. Mərkəzdəki avtovağzal vasitəsilə gündəlik 30-a yaxın istiqamət üzrə orta hesabla 115 reys həyata keçirilir, 700-dən çox sərnişin hərəkət edir.
Sahibkarlara yanğından mühafizə, təhlükəsizlik, sığorta, anbar xidmətləri kimi dəstək xidmətləri göstərilir, həmçinin sosial media marketinqi təlimləri və müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak üçün dəstək təmin olunur.
Ticarət Mərkəzi, həmçinin müasir şəhərsalma trendlərinə cavab verən, geniş, rahat və çoxsaylı biznes subyektlərinin fəaliyyətinə imkan verən bir platformadır. 300 hektara yaxın ərazidə yerləşən Mərkəzdə 1500-dən çox mağaza fəaliyyət göstərir və onun imkanları Avropa və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.
İctimai müzakirə iştirakçılarına bildirilib ki, “Abşeron” Ticarət Mərkəzi paytaxtda ticarət və xidmət infrastrukturunun yenilənməsi zamanı sahibkarların fəaliyyətinə əlverişli şərait yaradır və əməkdaşlığa hazırdır.
