Azərbaycan.media xəbər verir ki, ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təsiredici narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraitli ərazidə keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov saxlayıblar.
Onlardan xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri 12 kiloqram narkotik və psixotrop maddə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin və əlavə olaraq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalar göstərib ki, saxlanılan şəxslər narkotiklərin daşınmasını diqqət çəkməmək məqsədilə sitrus meyvələrinin satışı ilə məşğul olduqları görüntüsünü yaradıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
