Azərbaycan.media xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Funksional analiz və tətbiqləri elmi-tədqiqat laboratoriyası ilə Ali riyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatları Dakota Dövlət Universitetinin professoru Azər Əhmədovun “Hölder teoreminin davamı” mövzusunda elmi seminarı keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarda elm və innovasiya məsələləri üzrə prorektor Nigar Aslanova çıxış edərək beynəlxalq elmi şəbəkəyə qoşulmağın Azərbaycan universitetlərinin prioritetlərindən biri olduğunu vurğulayıb. O, elmi fəaliyyətin dəstəklənməsi üçün universitet tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Son iki ay ərzində universitetdə Avstriyanın Qrats Texnologiya Universitetinin professoru Jussi Behrndt və Almaniyanın Otto-von-Guericke Universitetinin professoru Holm Altenbaxın seminar və dərslərinin keçirilməsi buna nümunə göstərilib.
Nigar Aslanova həmçinin azərbaycanlı riyaziyyatçıların ənənəvi mövzulardan çıxaraq yeni və spesifik problemlərə diqqət yetirmələrinin vacibliyini qeyd edib.
Seminar zamanı Azər Əhmədov ali riyaziyyatın aktual mövzuları, o cümlədən qruplar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, cəbr və topologiya barədə çıxış edib. Professor-müəllim heyəti seminar çərçivəsində maraq doğuran məsələləri müzakirə edib.
Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl medalla, 1996-cı ildə isə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. O, Moskva Dövlət Universitetinin nəzdindəki Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib və bir neçə SSRİ səviyyəli riyaziyyat müsabiqəsinin qalibi olub.
1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutunun Funksional analiz şöbəsində qrant qazanaraq iki il tədqiqatçı kimi fəaliyyət göstərib. 1998-ci ildə ABŞ-da Yel Universitetinin doktoranturasına qəbul olunub və riyaziyyat doktoru dərəcəsi alıb. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib.
Azər Əhmədov qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, üçölçülü topologiya, erqodik nəzəriyyə və digər sahələrdə tədqiqat aparır, nəticələri riyaziyyat jurnallarında çap olunur.
