Azərbaycan.media xəbər verir ki, NATO Rusiyanın kiberhücumlarına, təxribatlarına və hava məkanını pozmasına qarşı “daha aqressiv” və təşəbbüskar cavab mexanizmlərini gündəmə gətirir. Bu barədə alyansın Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqon Financial Times-a açıqlamasında bildirib.
Admiral vurğulayıb ki, Qərb hərbi ittifaqı Moskvanın güclənən hibrid müharibə fəaliyyətlərinə qarşı daha güclü və çevik müdafiə tədbirləri üzərində işləyir:
“Biz bütün istiqamətlər üzrə vəziyyəti təhlil edirik. Kiberməkanda artıq reaksiya veririk və daha aqressiv, daha təşəbbüskar olmağı düşünürük”, – deyə Draqon qeyd edib.
Onun sözlərinə görə, xüsusən Şərqi Avropa ölkələrindən olan diplomatlar NATO-nu yalnız reaktiv addımlarla kifayətlənməməyə, mütəmadi proaktiv tədbirlərə keçməyə çağırırlar. Ekspertlər hesab edir ki, kiberhücumlar zamanı qabaqlayıcı tədbirlər daha effektlidir və bir çox ölkələr bu sahədə operativ cavab vermək imkanına malikdir.
Admiral əlavə edib ki, bəzi hallarda “qabaqlayıcı zərbə”nin “müdafiə xarakterli addım” sayıla biləcəyinə dair müzakirələr aparılır. Bununla belə, o etiraf edib ki, NATO və üzv dövlətlər etik, hüquqi və yurisdiksiya məhdudiyyətlərinə görə rəqiblərindən daha çox çətinliklə üzləşirlər:
“Bu, zəiflik demək deyil, amma biz rəqiblərimizlə müqayisədə daha sərt çərçivələr daxilində fəaliyyət göstəririk”, – deyə o bildirib.
Draqonun sözlərinə görə, NATO üçün əsas məqsəd gələcək təcavüzlərin qarşısını almaq və təhlükəsizlik mühitini sabit saxlamaqdır.
