Kitabsevərlərə əvəzsiz töhfə…- Fuad Biləsuvarlı yazır

İbrahim Nəbioğlu imzasını Azərbaycanda tanımayan ziyalı yəqin ki, tapılmaz. Jurnalist, publisist, alim, diplomat, xalqını, torpağını bütün varlığı ilə sevən, ona şərəflə xidmət edən Vətən oğlu, bir sözlə yüksək mənəviyyatlı bir ziyalı. Aramızda böyük yaş fərqi olmasına baxmayaraq, mən onu belə tanımışam. İbrahim Nəbioğlu dünyaya ziyalı ailəsində göz açıb. İxtisas seçimi də dəqiq elmlər sahəsi olub. Amma, bu onun qibtə ediləsi qədər güclü jurnalist və publisist kimi fəaliyyətinə kölgə sala bilməyib.

Azərbaycan Dövlət Televiziyasının qardaş Türkiyədə ilk təmsilçisi, daha sonralar İstanbulda Azərbaycanın Baş Konsulu kimi fəaliyyəti onu xalqımıza daha çox tanıdıb. Bir vaxtlar onun televiziyanın xəbərlər proqramında Türkiyədən hazırladığı xəbərlər necə də maraqla izlənilirdi. Bu xəbərlər adi sujet deyildi. İbrahim Nəbioğlunun hər xəbəri diqqət çəkən, yaddaşlarda qalan, insanı düşündürən xəbər olurdu. Onu qardaş Türkiyədə də bir vətəndaş mövqeli jurnalist – publisist kimi yaxşı tanıyıblar.

O, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl haqqında çəkilmiş filmlərin ssenari müəllifidir. Hələ 2002-ci ildə qardaş ölkədə “İlin jurnalisti” seçilib. Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Kinomatoqrafçılar İttifaqının üzvüdür, Həsən bəy Zərdabi mükafatı laureatıdır. 30-dan çox elmi məqalənin müəllifidir. Bütün bunlar bir ziyalı kimi İbrahim Nəbioğlunun halal zəhmətlə qazandığı titulların tam siyahısı deyil. O, bu gün də iş başındadır. Qaynar, işgüzar, səmərəli bir həyat yaşayır. Yazır, yaradır, öyrənir, öyrədir…

İbrahim Nəbioğlunun öz dəstti-xətti ilə mənə hədiyyə etdiyi “Gələcək çox tez gələcək” kitabı isə tam cəsarətlə deyirəm ki, son illər nəşrimizin tam uğuru sayıla bilər. Azərbaycan elminin iftixarı akademik Azad Mirzəzadənin əziz xatirəsinə həsr olunmuş bu toplu müəllif tərəfindən sayqılı oxucularına dəyərli bir hədiyyədir. İlk öncə qeyd etmək etmək istəyirəm ki,  hörmətli akademikimiz Rafael Hüseynovun topluya yazdığı ön sözü çox maraqla oxudum. Bu, adi ön söz deyil, güclü qələmi, publisistikası ilə artıq çoxdan sözünü demiş İbrahim Nəbioğlunu çoxsaylı oxucularına daha yaxından tanıdan söz və fikir töhfəsidir.

“… İbrahim həm əlindən qələm düşməyəndir, çox oxuyan, çox öyrənəndir, həm müxtəlif sahələrdə çalışaraq zəngin təcrübə qazanmış bir bişkindir, həm də sözün birbaşa mənasında səyahətlərə tez-tez çıxandır…” Görkəmli akademikimiz çox haqlı olaraq, qeyd edir ki, … Bu kitabda yazılanların hamısının hədəfi birdir — insanlarımızda biliyə sevgini artırmaq, elmin ali güc olduğu həqiqətini hər kəsə çatdırmaq, hadisələrə, şəxsiyyətlərə, mənəvi dəyərlərə və sərvətlərə məkanından və zamanından asılı olmayaraq, doğma sərvət kimi baxmaq, özününkü kimi yanaşmaq…”

Yada böyük söz ustadı Nizaminin hələ 12 – ci əsrdə söylədiyi “qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kimi şah misralar düşür. Öz xalqına, millətinə təmənnasız xidmət etməyi özünə borc hesab edən, ” bu nəcib niyyət içərisində nəbz kimi döyünənlərimiz həmişə olub. Az olublar, amma gördükləri işlərlə seçilməyi, iz qoyan olmağı da hər vaxt bacarıblar…” “Varlığında maarifçilik yükü daşıyanlarsa etdiklərini təmənnasız, ürəkdən, bunun müqabilində nəsə ummadan edirlər…”

Elə qələmini Vətən yolunda əsl süngüyə çevirən İbrahim Nəbioğlu da televiziya əməkdaşı olanda da, məsul və şərəfli diplomatiya fəaliyyətində də həmişə bu amala söykənib. Peşəkar bir qələm sahibi, əsl ziyalı, qeyrətli Vətən oğlu kimi…

İbrahim Nəbioğlunun Türkiyədə, 2025 – ci ildə nəşr olunmuş, hələ mürəkkəbi qurumamış, mətbəə qoxusu çəkilməmiş bu toplusu çox qiymətli xəzinədir… Dörd yüz səhifəlik topluda toplanmış bütün yazılar onun yaradıcısının fədakar əməyindən xəbər verir.

Müəllifin özünün də kitaba giriş sözündə dahi Argentinalı yazıçı Xorxe Luis Borxesdən gətirdiyi sitat necə də yerinə düşür: “Bəziləri yazdıqları kitabları ilə öyünür, mən isə oxuduqlarımla…” Əsla şübhəm yoxdur ki, İbrahim müəllimin oxuculara ərməğan etdiyi bu qiymətli toplunu oxuyanlar onun müəllifi ilə əsl iftixar hissi duyacaqlar.

Topludakı “Dünyanı dəyişən 25 kitab” yazısı əsl bilik xəzinəsidir. Bu yazıdan, onu təkrar-təkrar oxumaqdan ayrılmaq mümkün deyil. Sətirlər özü oxucunu ahənrüba kimi arxasınca çəkib aparır. Az-çox qələm təcrübəsi olanlar, diqqətli oxucular müəllifin misilsiz araşdırma qabiliyyətinə, heyrətamiz ancaq qibtə edə bilərlər.

İbrahim Nəbioğlunun son dərəcə gərgin axtarışlarının nəticəsində oxucu öyrənir ki, Karl Marksın hələ 1867- ci ildə nəşr olunan “Kapital”ı dünyanın ən çox satılan kitablarındandır. Şotlandiyalı iqtisadçı, filosof və iqtisadiyyat elminin banisi A.Smitin “Xalqların sərvətinin Təbiəti və səbəbləri haqqında traktatı” (1776) ABŞ dövlətinin qurulduğu illərdə kitabsevərlərin stolüstü kitabına çevirilmişdi. İngilis səyyahı və naturalisti Carlz Darvin “Növlərin mənşəyi” adlı əsərini yazmaqla böyük ədəbi istedadı sayəsində bütün dünyanı, xüsusilə də ruhani dünyasını silkələyən sarsıdıcı bir əsər ortaya çıxarmışdı.

Böyük müsəlman mütəfəkkiri, alim və təbibi İbn Sinanın “Təbiət elminin qanunları” kitabı dünya tibb tarixinin şah əsəridir. Onun bütün kulliyyatı 450 əsərdən ibarət olmaqla nəhəng bir sərvətdir. İxtisasca uşaq həkimi olan Bencamın Srokun ötən əsrin 50-ci illərində qələmə aldığı “Uşaq və ona qulluq” adlı kitabı ABŞ-da İncildən sonra ən çox satılan kitab olub. 40 dilə çevrilmiş bu əsər 50 milyon oxucusunu tapıb.

“Korluq üzərində tarixi zəfər” yazısı bu xəstəlikdən əziyyət çəkənlərə, anadan gəlmə görmə qabiliyyətini itirənlərə bir dünya sevinc bəxş edəcək. Çünki hər iki gözünü və görmə sinirini itirmiş insanlar ” Blındsıqırht” cihazı ilə görə biləcək, dünya işığına həsrətlərinə son qoyacaqlar. Əgər görmə qabığı bütöv olarsa, hətta anadangəlmə korlar da, ilk dəfə görə biləcəklər. Və bu yazıda müəllifin son akkordu: “Hazırda dünyada 50 milyona yaxın kor insan var. Mən də bu 50 milyon gözü görməyən insanların gözü indidən aydın olsun, deyirəm…” Bizə isə sidqi – ürəkdən “amin” demək qalır.

Bu son dərəcə qiymətli toplusunun sonuncu yazısı “Qan içən sistemin qan köçürəni” adlanır. Həmin oxunaqlı yazının ən son cümləsi belədir…” Bu fikrə ancaq alqışlar düşür. Yaxşı kitab ən qiymətli xəzinə, hər birimizə elm, düşüncə tərzi aşılayan məbəddir. İbrahim Nəbioğlunun bu toplusu kimi. Müəllifin istəkli və diqqətli oxucularına möhtəşəm hədiyyəsi olan toplusu, məhz, həmin kitablardandır.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı.

Mənbə: Azerbaycan.media