Azərbaycan.media xəbər verir ki, antiterror tədbirləri zamanı şəhid olmuş polis və daxili qoşunların əməkdaşlarının xatirəsinə həsr olunan cüdo üzrə Daxili İşlər Nazirliyinin (DİN) açıq çempionatı keçirilib.
AZƏRTAC-ın məlumatına görə, turniri DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayı (ƏÇPA) təşkil edib. Yarışda polislərlə yanaşı, digər dövlət orqanlarının xüsusi rütbəli əməkdaşları da iştirak ediblər. Tədbiri izləyənlər arasında şəhidlərin ailə üzvləri, nazirliyin və digər dövlət qurumlarının yüksək rütbəli əməkdaşları, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və qonaqlar olub.
Yarışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Şəhid ailələri oğullarının xatirəsinin daim uca tutulduğunu və onların ölkə rəhbərliyinin xüsusi qayğısı ilə əhatə olunduğunu vurğulayıblar.
Yarışlar başa çatdıqdan sonra qalib idmançılar medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. DİN-in cüdo komandası çempionatın yekununda qalib olaraq xüsusi kuboka layiq görülüb.
