Azərbaycan.media xəbər verir ki, ABŞ Senatı və Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitələri Venesuela sahillərindəki bir gəmiyə zərbə zamanı Müdafiə Naziri Pit Hegsetin “hamını öldürün” əmri verməsi ilə bağlı araşdırma aparacaq. Konqres Pentaqona nəzarəti gücləndirmək istəyir.
The Washington Post qəzetinin məlumatına görə, bu il 2 sentyabrda dövlət katibi Marko Rubio açıqlamışdı ki, Karib hövzəsinin cənub hissəsində ABŞ tərəfindən narkotik daşıdığı iddia edilən bir gəmiyə zərbə endirilib. Rubio gəminin Venesueladan çıxış etdiyini iddia etmişdi. Nəşr öz mənbələrinə istinadən yazır ki, əməliyyat zamanı Hegset şifahi olaraq “hamını öldürün” əmri verib. Gəmiyə iki dəfə zərbə endirilib, çünki 11 heyət üzvündən ikisi ilk hücumdan sağ çıxmışdı.
Senatın Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı Rodjer Uiker və komitə üzvü, demokrat Cek Rid bildiriblər ki, komitə məsələ ilə bağlı Pentaqona sorğu göndərib. “Biz vəziyyəti diqqətlə araşdırmağı və bununla bağlı faktları müəyyən etməyi planlaşdırırıq,” – deyə qəzet onların açıqlamasına istinadən yazır.
