Azərbaycan.media xəbər verir ki, bu gün saat 04:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-in APA-nın sorğusuna cavab olaraq verdiyi məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən 2-si qadın, 3-ü kişi olmaqla ümumilikdə 5 nəfər müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Xəstəxanada müayinədən keçən şəxslərdən 3-nə zəruri tibbi xidmət göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar. Daha 2 nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətlərinin ağır olduğu bildirilir.
