Azərbaycan.media xəbər verir ki, tanınmış televiziya tədqiqatçısı, jurnalist və professor Qulu Məhərrəmli bu il üçün “Şirməmməd Hüseynov mükafatı”na layiq görülüb.
Bu barədə məlumatı mükafatın Ekspert Komissiyasının sədri Alim Hüseynli “Report”a açıqlayıb. Onun sözlərinə görə, əsasnamədə nəzərdə tutulan prosedur qaydalarına uyğun şəkildə aparılan geniş müzakirələrdən sonra Komissiya üzvlərinin yekdil qərarı ilə mükafatın qalibi Qulu Məhərrəmli olub.
A.Hüseynli bildirib ki, Qulu Məhərrəmli uzun illərdir jurnalist, yazıçı və alim kimi milli dəyərləri təbliğ edən, Azərbaycan mediasına böyük töhfələr vermiş nüfuzlu şəxsiyyətdir. Bu il mükafat uğrunda ümumilikdə 6 namizəd irəli sürülüb.
Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” Parlament Jurnalistləri Birliyinin İdarə Heyətinin qərarı ilə 12 noyabr 2019-cu ildə təsis edilib.
Mükafatın əvvəlki qalibləri aşağıdakılardır:
• 2020: Diplomat və araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbov
• 2021: Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva
• 2022: Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev
• 2023: Əməkdar rəssam, Prezidentin fərdi təqaüdçüsü, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə
• 2024: Milli Məclisin sədr müavini Rafael Hüseynov
Mükafatın məqsədi Azərbaycan mediasına xidmətləri ilə seçilən şəxsiyyətləri qiymətləndirməkdir.
