Azərbaycan.media xəbər verir ki, noyabrın 27-də Qarabağ Universitetinin İncəsənət fakültəsində ali təhsil ocağının yaradılmasının 2 illiyinə həsr olunmuş konsert proqramı və sərginin açılışı təşkil edilib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, şəhər ictimaiyyətinin nümayəndələri, universitet əməkdaşları və tələbələr iştirak edib.
Tədbirin açılışında çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali məktəbin iki il ərzində keçdiyi inkişaf yolundan söz açıb. O, universitetin tədrisin təşkili, elmi fəaliyyət və mədəni proqramlar sahəsində ardıcıl uğurlar qazandığını diqqətə çatdırıb.
İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə çıxışında fakültədə aparılan tədris prosesindən, yaradıcılıq yönümlü fəaliyyətlərdən, tələbələrin akademik hazırlığından və müxtəlif incəsənət layihələrinin bölgənin mədəni həyatına verdiyi töhfələrdən danışıb.
Konsert proqramı Cadenza orkestrinin ifasında Niyazinin “Qaytağı” əsəri ilə açıq elan olunub. Daha sonra İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələri klassik və milli musiqi nümunələrini səhnəyə təqdim ediblər. Proqram “Qarabağ şikəstəsi”nin ifası ilə yekunlaşıb.
Tədbirin ikinci hissəsində Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Vəliyevanın “Güclü ruhlara ithaf” adlı fərdi sərgisi ziyarətçilərə təqdim olunub. Sərgidə Qarabağın bədii irsini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş etdirilib.
