Azərbaycan kənd təsərrüfatı naziri Gürcüstanda müəssisələrlə tanış olub

Azərbaycan.media xəbər verir ki, Gürcüstanda rəsmi səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ölkənin bir sıra kənd təsərrüfatı təyinatlı müəssisələrinin fəaliyyətini öyrənib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Kartli regionunda yerləşən şərabçılıq müəssisəsində Azərbaycan nümayəndə heyətinə “Chinuri”, “Goruli Mtsvane”, “Tavkveri” və “Shavkapito” üzüm sortlarından şərab istehsalı barədə məlumat verilib. İstehsal olunan şərablar palıd çəlləklərində saxlanılaraq “Saguramo” brendi ilə həm yerli, həm də beynəlxalq bazarlara çıxarılır. Görüş zamanı müəssisənin gələcək hədəfləri, üzümçülük və şərab istehsalına dövlət dəstəyi, kiçik şərab müəssisələrində keyfiyyətin artırılması və beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub.

Nazirlik nümayəndə heyəti həmçinin Gürcüstanın Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin nəzdində fəaliyyət göstərən Tingçilik Mərkəzi ilə tanış olub. Mərkəz meyvə tingçiliyi, calaqaltı istehsalı, yerli sortların qorunması və dekorativ bitkilərin yetişdirilməsi, həmçinin heyvandarlıq və akvakultura sahələrində elmi tədqiqatlar aparır. Burada alma, armud, gilas, şaftalı və üzüm kimi çoxillik meyvələr üçün sertifikatlı ting və calaqaltı istehsalı həyata keçirilir. Tanışlıq zamanı ting istehsalı, sertifikatlaşma, yerli sortların qorunub saxlanması və adaptasiyası üzrə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Azərbaycan nümayəndə heyəti ölkənin un məmulatları istehsalı sektorunda fəaliyyət göstərən yerli şirkətlər və iri heyvandarlıq müəssisələrinin iş prosesi ilə tanış olub, xammal və yem təminatı, məhsuldarlığın artırılması və istehsalın gücləndirilməsi barədə təcrübələrini bölüşüb.