Naxçıvanda meyvə və üzüm istehsalı artıb – Yeni subsidiya qaydaları açıqlanıb

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında meyvə və giləmeyvə istehsalı 32 min 100,2 ton təşkil edib. “Report”un yerli bürosunun məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artım deməkdir.

Həmin dövrdə üzüm istehsalı da əhəmiyyətli dərəcədə yüksəlib və 7 min 628,5 ton olub ki, bu da ötən ilin eyni dövründən 17,5% çoxdur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səməddin Əsgərov bildirib ki, Azərbaycan Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək muxtar respublikada salınacaq meyvə bağlarına indiyədək tətbiq olunmuş ən yüksək birdəfəlik subsidiya məbləğləri veriləcək. İlk dəfə olaraq intensiv meyvə bağları və giləmeyvə bağları da dövlət dəstəyi ala biləcək.

Onun sözlərinə görə, subsidiyaların şərtləri sadələşdirilib, hündürlük meyarı artırılıb, ting tələbi isə azaldılıb. Bu dəyişikliklər Naxçıvanda meyvəçilik və üzümçülük sahələrinin inkişafını daha da sürətləndirəcək.