İranda portağalların rənglənməsi ilə bağlı iddialar araşdırılır – AQTA açıqlama verdi

Azərbaycan.media xəbər verir ki, İran genişmiqyaslı sitrus istehsalı ilə tanınan ölkələrdən biri olsa da, sosial şəbəkələrdə yayılan yeni görüntülər ciddi narahatlıq doğurub. Paylaşılan videolarda satış üçün nəzərdə tutulan portağalların yuyulduqdan sonra boyalı suya salınaraq rəngləndirildiyi iddia olunur. Məqsəd meyvələrin daha parlaq və cəlbedici görünməsi, bununla da istehlakçının aldadılmasıdır.

İddialar təsdiqini tapacağı təqdirdə, belə məhsulların ixrac prosesinə qarışaraq Azərbaycana gətirilməsi ehtimalı həm istehlakçı hüquqları, həm də sağlamlıq baxımından ciddi risk hesab olunur. Bildirilir ki, İranın Kənd Təsərrüfatı Nazirliyi prosesə lazımi nəzarəti göstərmir və bundan əvvəl də rənglənmiş meyvələrin insanlar üçün “zəhər qədər təhlükəli” ola biləcəyi barədə xəbərdarlıqlar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də münasibət bildirib. Qurum Bizim.Media-ya açıqlamasında yayılan görüntülərin nəzarətə götürüldüyünü və araşdırmaların aparıldığını təsdiqləyib:

Sosial şəbəkədə yayılan görüntülər Agentlik tərəfindən nəzarətə götürülüb. Araşdırmalar aparılır. Ölkəyə idxal olunan bitkiçilik məhsullarına riskəsaslı yanaşma ilə nəzarət edilir. Məsələnin nəticələri ictimaiyyətə açıqlanacaq”, – deyə AQTA bildirib.

Xatırladaq ki, iki il əvvəl də İrandan gətirilən portağallarda sağlamlıq üçün təhlükəli viruslar aşkarlanmış və nəticədə 20 tona yaxın məhsul məhv edilmişdi.