Azərbaycan Güləş Federasiyasına növbəti 4 il üçün prezident seçildi

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağı keçirilib. Federasiyanın rəsmi məlumatına görə, tədbirdə AGF prezidenti Mikayıl Cabbarov, vitse-prezident Namiq Əliyev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov, eləcə də idman qurumlarının rəsmiləri və federasiya üzvləri iştirak ediblər.

Yığıncaq federasiyanın son 4 illik fəaliyyətinin müzakirəsi və yeni İcraiyyə Komitəsinin formalaşdırılması məqsədilə təşkil olunub.

AGF prezidenti Mikayıl Cabbarov çıxışı zamanı ölkə rəhbərliyinin idmanın, xüsusilə də güləşin inkişafına göstərdiyi dəstəyi vurğulayıb. O, gənc istedadların yetişdirilməsi, idmançıların peşəkarlığının artırılması və beynəlxalq arenadakı uğurların davamlılığının təmin edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.