İncə Səhər” verilişinin efirinin yarımçıq dayanmasının səbəbi açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Xəzər TV bu gün yayımlanan “İncə Səhər” verilişinin efirdən yarımçıq çıxması ilə bağlı rəsmi açıqlama yayıb.

Publika.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, saat 10:38-də aparıcı Vüsalə Əlizadənin təqdimatında efirə gedən proqramın yayımı zamanı texniki nasazlıq yaranıb. Qeyd olunub ki, verilişin həftə ərzində efirə gedən bütün buraxılışları kimi, bugünkü proqram da əvvəlcədən çəkilib və anons mərhələsində hər hansı nasazlıq müşahidə olunmayıb.

Telekanalın məlumatına əsasən, bu gün efirə veriləcək buraxılış iki fayldan ibarət olub. Birinci fayl problemsiz yayımlansa da, reklam fasiləsindən sonra ikinci faylın “playout” sistemi tərəfindən oxunmaması kritik proqram xətasına səbəb olub. Bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradaraq verilişin tam şəkildə yayımını mümkünsüz edib.

Xəzər TV yaranmış narahatlığa görə tamaşaçılara təşəkkür edib və onların anlayışla yanaşmasına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, “İncə Səhər” hər iş günü saat 10:00-dan 12:30-dək yayımlanır. Bu gün isə veriliş 11:40-da reklama ayrıldıqdan sonra davam etməyib. Proqramın qonaqları tanınmış müğənnilər Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.