Azərbaycan.media xəbər verir ki, növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb və sakinlərə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi davam etdirilir. 525.az xəbər verir ki, Horovlu kəndinə 38 ailə, ümumilikdə 139 nəfər köçürülüb.
Kəndə köç edənlər əvvəllər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını çatdıraraq şəhidlərimizə rəhmət diləyiblər.
