Azərbaycan.media xəbər verir ki, Bakıda Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) təqdimat mərasimi ölkəmizin qlobal əməkdaşlıq sahəsində atdığı strateji addımlar sırasında önəmli hadisə kimi dəyərləndirilir.
EAPCA-nın Protokol rəhbəri Zamiq Yunisov açıqlamasında təşkilatın missiyasının Azərbaycanın beynəlxalq platformalarda fəallığını artırdığını bildirib. Onun sözlərinə görə, təşəbbüs həm siyasi, həm də ictimai sferada yeni tərəfdaşlıq imkanları yaradaraq ölkəmizin diaspor fəaliyyətini gücləndirir:
“Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının təqdimatı Azərbaycanın beynəlxalq əməkdaşlıq istiqamətində növbəti əhəmiyyətli addımıdır. Bu tədbir ölkəmizin qlobal əlaqələrdə fəal mövqeyini, diaspor fəaliyyətində artan dinamizmi və yeni əməkdaşlıq formatlarının formalaşdığını nümayiş etdirir. Bakıda təşkil olunan təqdimat və rəsmi resepsiya gələcək layihələrin icrasına, tərəfdaşlıqların genişləndirilməsinə və mövcud əlaqələrin daha da möhkəmlənməsinə ciddi töhfə verəcək.”
Zamiq Yunisov qeyd edib ki, EAPCA-nın fəaliyyəti Azərbaycanın beynəlxalq arenada həm nüfuzunun artırılmasına, həm də qlobal əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.
