Kiyevdə Azərbaycanın “Konstitusiya və Suverenlik İli” və Vətən müharibəsində Qələbənin 5 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin 5 illiyi çərçivəsində Kiyevdə ağacəkmə tədbiri təşkil olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, aksiya “SOCAR Energy Ukraine” MMC və Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin Obolon rayonundakı “Natalka” parkında həyata keçirilib.

Tədbirdə yerli ictimaiyyət və paytaxtda yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, “SOCAR Energy Ukraine” MMC-nin rəhbəri Elçin Məmmədov, MMC və səfirliyin əməkdaşları, Kiyev şəhər rəhbərliyi və yerli deputatlar iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev bildirib ki, son bir ildə yalnız Kiyevdə Azərbaycan tərəfindən 100-dən çox ağac əkilib.

Rəsmilər layihənin məqsədinin Ukrayna-Azərbaycan dostluq münasibətlərini möhkəmləndirmək və paytaxtın ətraf mühitinin yaxşılaşdırılmasına töhfə vermək olduğunu vurğulayıblar. Ağacəkmə kampaniyasının həm Azərbaycan-Ukrayna dostluğunun simvolu, həm də Kiyevin “yaşıl” infrastrukturunun inkişafında mühüm addım olduğu qeyd olunub.