Azərbaycan.media xəbər verir ki, dünən saat 10:30 radələrində 72 yaşlı qadın yüksək təzyiq şikayəti ilə Sumqayıtdakı 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib. Xəstəyə həkim təyinatına uyğun olaraq “Aktoseril” inyeksiyası vurulub.
Bakupost.az-ın APA-ya istinadən verdiyi məlumata görə, inyeksiya zamanı qadının vəziyyəti qəfil pisləşib və sürətlə inkişaf edən anafilaktik şok baş verib.
Tibb personalı mövcud klinik protokollara uyğun olaraq dərhal bütün təcili tibbi yardım tədbirlərini həyata keçirib və pasiyentin həyat fəaliyyətinin bərpası üçün zəruri müdaxilələr ardıcıl icra olunub.
Bütün səylərə baxmayaraq, saat 11:30 radələrində xəstənin bioloji ölümü qeydə alınıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təhvil verilib.
Qeyd olunur ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sertifikatlı tibb bacısı tərəfindən, sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə icra olunub. İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilmiş, anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasiya vasitələri tam hazır vəziyyətdə olub.
Hadisə baş verən zaman tibbi heyət Təcili Yardım Protokollarına uyğun bütün müdaxilələri vaxtında və düzgün şəkildə həyata keçirib.
