ATV-nin “Gün ortası” proqramında qanun pozuntusu: Audiovizual Şura kanala xəbərdarlıq etdi

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclasında ATV telekanalının 13 noyabr 2025-ci il tarixdə yayımlanan “Gün ortası” proqramında baş verən hadisə müzakirə olunub.

Məlumata görə, proqramın qonağı studiyada aparıcıya məsafədən “enerji ötürmə” üsulunu tətbiq edib, aparıcı isə bu hərəkətləri müsbət qiymətləndirib. Audiovizual Şura aparatının mütəxəssisləri həmin ifadələri “Reklam haqqında” Qanunun 29.8-ci maddəsinin – kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamının qadağan edilməsi – tələbinin pozulması kimi qeydə alıblar. Fakt Şuranın hüquqşünasları tərəfindən də təsdiqlənib.

Müzakirələr zamanı bildirilib ki, proqramda nümayiş etdirilən məsafədən “enerji ötürmə seansı” və aparıcının müsbət reaksiyası bu üsulun müalicəvi xüsusiyyətlərə malik olması barədə yanlış təsəvvür yarada bilər. Aparıcının ifadələri isə qanunvericiliyin tələblərinə zidd olaraq belə təsirlərin reklamına şərait kimi qiymətləndirilib.

Şura üzvləri ATV telekanalında bu qəbildən pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq kanala xəbərdarlıq edilməsi barədə qərar qəbul ediblər. Eyni zamanda, bütün yayımçılardan proqramların hazırlanması və yayımı zamanı qanunvericiliyin tələblərinə ciddi əməl olunması tələb olunub.

Qeyd edək ki, sözügedən “Gün ortası” proqramının aparıcısı Zümrüd Bədəlovadır.