Azərbaycan.media xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan bir qrup tərbiyəçi-müəllim üçün fəaliyyətin təkmilləşdirilməsinə dair təlimlər təşkil olunub.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə bildirib ki, məktəbəqədər təhsildə keyfiyyətin artırılması qurumun əsas prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, keçirilən təlimlər tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır və yeni interaktiv, innovativ yanaşmaların təlim-tərbiyə prosesinə tətbiqinə töhfə verəcək.
İxtisaslaşmış təlimçi-metodistlər tərəfindən aparılan məşğələlərdə uşaqların fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyi vurğulanıb. Həmçinin metodiki işin təşkilində səriştəlilik prinsiplərinin tətbiqi, ənənəvi yanaşmaların yaradıcı istifadəsi, müasir pedaqoji trendlər, uşaq inkişafı və psixologiyası, oyun əsaslı təlim metodları, təhlükəsiz və inkişafyönümlü mühitin təmin olunması kimi mövzular ətrafında geniş məlumat verilib.
Təlimlər zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlərin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsini yüksəltmək, müasir tədris metodlarını tətbiq etmək və uşaqların inkişafına yönəlmiş innovativ yanaşmaları gücləndirməkdir.
