Alməmməd İsgəndərlinin Vətən bizi çağırır kitabının təqdimatı keçirildi

Noyabrın 25 də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AYB üzvü, 10 kitab müəllifi, Texnika Elmləri doktoru şair, yazıçı Alməmməd İsgəndərlinin “Vətən bizi çağırır, adlı kitabının təqdimatı keçirildi. Tədbiri tanınmış yazar Südabə Sərvi idarə edirdi. Tədbirdə şəhid ailələri və qazilər də iştirak edirdi.
Əvvəlcə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra aparıcı müəllif haqqında məlumat verdi. Aydın oldu ki, Alməmməd İsgəndərli 1950-ci ildə Göyçayın Mallı-Şıxlı kəndində dünyaya gəlib. O vaxtkı Azərbaycan Neft Kimya institunu bitirib. Sonra elmi işlə məşğul olub, texnika elmləri doktoru adına qədər yüksəlib və bir sıra ixtiraların müəllifidir. Eyni zamanda ədəbiyyatla məşğul olub müxtəlif şeirlər, hekayələr və qəzəllər yazıbdlr.
Südabə Sərvi onun hekayələri haqqında geniş məlumat verərək bu hekayələri Azərbaycan ədəbiyyatında gözəl bir nümunələr adlandırdı. Hekayələr əsasən şəhidlərimiz haqqında, yazıçının həyatda gördükləri,sonra onu qələmə aldığı hadisələrdir. Eyni zamanda Alməmməd İsgəndərlinin dini hekayətləri də diqqəti çəkir. Yazıçı insanları doğruluğa, saflığa, bu fani dünyada yaxşılıq etməyə çağırır.
Sonra Şəhid anası Qumru xanım Səlimova, şəhid bacısı Gülmaya xanım Feyruzqızı, qazilərimiz İsa bəy, Nəriman bəy və Tural bəy, filologiya elmləri doktoru yazıçı Bahar Bərdəli, şair Ilqar Namazov, Gülmaya xanımın rəhbərlik etdiyi “Şairlər ocağı” ədəbi birliyinin üzvləri, Göyçaydan, Bakıdan dəvət olunmuş qonaqlar, söz adamları çıxış edərək Alməmməd İsgəndərlinin şəxsiyyəti və yaradıcılığı haqqında danışdılar. Müəllifə “Şəhid ailələri” cəmiyyətin sədri qazi Seyid Əfəndi tərəfindən müqəddəs “Qurani Kərim” təqdim olundu.
Şairin nəvələri Leyla və Turan babalarının Vətən haqqında şeirlərini çox gözəl qiraət etdilər. Qızı Vüsalə xanım atası Alməmməd İsgəndərli ilə fəxr etdiyini söylədi.
Müəllif Alməmməd İsgəndərli çıxış edərək gələn bütün qonaqlara, təşkilatçılara, aparıcıya və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.

 

 

Südabə Sərvi

Mənbə: Azərbaycan.media