Yasamal yanğını: Ləman Qulamovanın vəziyyətində irəliləyiş var

Azərbaycan.media xəbər verir ki, Yasamalda baş vermiş yanğında ağır xəsarət almış Ləman Qulamovanın vəziyyətində az da olsa yaxşılaşma müşahidə olunur. Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər.

Məlumata görə, Ləman Qulamova hazırda Yeni Klinikada müalicəsini davam etdirir və həkimlər onun vəziyyətində irəliləyiş olduğunu bildirir. Lakin onun həyati təhlükəsi hələ də davam edir və pasient süni tənəffüs aparatına bağlıdır. Süni tənəffüs aparatından ayrıldıqdan sonra beyin müayinəsi aparılacaq, bu proses isə ən azı iki həftə davam edəcək.

Xatırladaq ki, yanğın zamanı üç nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Həlak olanlardan biri Ləman Qulamovanın anası, Könül Hümbətovadır. Həkimlər hazırda onun sağ qalması üçün bütün imkanlardan istifadə edirlər.