Milli Kitabxanada Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala Adam” kitabı və elektron məlumat bazasının təqdimatı keçirilib

Azərbaycan.media xəbər verir ki, Milli Kitabxanada Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat mərasimi təşkil olunub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxışında vurğulayıb ki, Rəşad Məcid Azərbaycanın müasir ictimai mühitində, ədəbiyyat, media və mədəniyyət sahələrində xüsusi yer tutur. “Qala Adam” kitabı vasitəsilə onun həm ictimai, həm də şəxsi keyfiyyətləri haqqında geniş məlumat almaq mümkündür. K.Tahirov Rəşad Məcidin 1992-ci ildə yaratdığı “525-ci qəzet”in ölkənin mətbuat və mədəni həyatında əhəmiyyətli rol oynadığını da qeyd edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rəşad Məcidin istedadını və sözündə möhkəmliyini yüksək qiymətləndirib, onun publisistik yazılarını Mirzə Cəlil və Üzeyir bəyin ənənəsinin uğurlu davamı adlandırıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli isə Rəşad Məcidin müasir Azərbaycan müstəqillik dövrünün ustad publisisti olduğunu və janrların bütün növlərində professional şair kimi fəaliyyət göstərdiyini bildirib. O, həmçinin R.Məcidin “11 sentyabr” hekayəsini və poeziyasını yüksək qiymətləndirib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Rəşad Məcidin çoxşaxəli fəaliyyətini mədəniyyətimizin inkişafına böyük töhfə kimi dəyərləndirib və “Gənc Ədiblər Məktəbi”nin yenidən fəaliyyətə başlamasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Milli Məclisin üzvü Aqil Abbas, BDU, Atatürk Mərkəzi, MEDİA və digər qurumların nümayəndələri Rəşad Məcidin şəxsi və yaradıcılıq keyfiyyətlərini yüksək qiymətləndirərək ona uğurlar arzulayıblar.

Sonda Rəşad Məcid tədbirin təşkilinə və iştirakçılara minnətdarlığını bildirib.

Qeyd: Tədbir çərçivəsində həmçinin “Rəşad Məcid-60” mövzusunda elektron məlumat bazasının təqdimatı da həyata keçirilib.