BTİ-nin prioritetləri açıqlandı: Kipr rəsmisi Azərbaycanın rəqəmsal sahədə rolunu yüksək qiymətləndirib

Azərbaycan.media xəbər verir ki, yaxın illərdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) əsas hədəfləri texnologiyaların inkişafı, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturu zəif olan ölkələrin prosesə daha geniş inteqrasiyasının təmin edilməsi olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak edən Kipr Rabitə Komissarlığı İdarəsinin komissarı Corc Mixaelidis deyib.

Onun sözlərinə görə, BTİ uzun illərdir telekommunikasiya sahəsində dialoq platforması yaradaraq müxtəlif inkişaf səviyyəsinə malik ölkələr üçün unikal imkanlar təmin edir:
“Az inkişaf etmiş ölkələrin rəqəmsal əlaqəliliyinin yaxşılaşdırılması və daha irəliləmiş dövlətlərin onlara dəstək verməsi BTİ-nin fəaliyyətinin ən mühüm hissəsidir”.

Azərbaycanın roluna toxunan komissar bildirib ki, ölkənin coğrafi mövqeyi regional və regionlararası əməkdaşlıq üçün mühüm üstünlüklər yaradır:
“Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşir və bu, onun rəqəmsal gündəliyin irəlilədilməsində önəmli mövqe qazanmasına imkan yaradır. Bu amil Azərbaycanı telekommunikasiya sahəsində mühüm tərəfdaşa çevirir”.

C.Mixaelidis həmçinin Bakının texnoloji inkişaf səviyyəsinin onu heyran etdiyini deyib:
“Bu, mənim Bakıya ilk səfərimdir və şəhərin memarlığı, texnologiyaların tətbiqi məni çox təsirləndirdi. Əminəm ki, Kipr və Azərbaycan arasında telekommunikasiya və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalı olacaq”.

O vurğulayıb ki, rəqəmsal transformasiyanın gələcəyi beynəlxalq əməkdaşlıqdan asılıdır və Kipr bu istiqamətdə müxtəlif ölkələrlə memorandumlar imzalayır:
“Telekommunikasiya sahəsində Azərbaycanla münasibətlərin dərinləşdirilməsi çox səmərəli olardı”.