Azərbaycan.media xəbər verir ki, Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı yayılan məlumatlara rəsmi qurumlar tərəfindən münasibət bildirilib.
Ağdam Rayon İcra Hakimiyyəti sorğumuza cavab olaraq bildirib ki, RİH-in kurasiyasında olan ərazilərdə belə bir bazarın yaradılması nəzərdə tutulmayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi də məlumatı təkzib edib: “Bu, feyk xəbərdir. Maşın bazarının Ağdama köçürülməsi ilə bağlı heç bir məlumat yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialarda avtomobil bazarının Ağdama köçürülməsinin bölgəni ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcəyi, həmçinin Cənubi Qafqazın aparıcı avtomobil ticarət mərkəzinə çevrilə biləcəyi qeyd olunurdu. Rəsmi qurumlar isə bu xəbərlərin həqiqətə uyğun olmadığını bildiriblər.
