Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 22 may 2020-ci il tarixli fərmanda dəyişiklik edib.
Fərmana əsasən, zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyinin hazırladığı “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan 1453,09 hektar torpaq sahəsinin Ələt azad iqtisadi zonasına ayrılması” planı nəzərə alınacaq. Nazirlər Kabineti fərmandan irəli gələn məsələlərin icrasını təmin etməlidir.
Həmçinin, Prezident İlham Əliyev Azərbaycanda “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, bu sistem ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyəti müəyyən etməyə, etibarlı və dayanıqlı məlumatların toplanmasına, işlənməsinə, saxlanmasına və məlumatlara əlçatanlığın artırılmasına xidmət edəcək.
Sistemin sahibi və operatoru İqtisadiyyat Nazirliyi olacaq. Nazirlər Kabineti üç ay ərzində informasiya sistemi haqqında əsasnaməni təsdiq edib Prezidentə məlumat verməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. İqtisadiyyat Nazirliyi isə sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirləri həyata keçirəcək.
