Azərbaycan.media xəbər verir ki, Azərbaycan və Maldiv vətəndaşlarının vizasız gedişi üçün tərəflər zəruri dövlətdaxili prosedurlarını tamamlamalı və bir-birinə diplomatik kanallarla nota təqdim etməlidirlər. Sazişin tətbiqi, son diplomatik bildirişin alındığı tarixdən 30 gün sonra başlayacaq. Qüvvəyə minmə tarixi ilə bağlı rəsmi açıqlama isə Xarici İşlər Nazirliyindən gözlənilir.
Milli Məclisin deputatı Rizvan Nəbiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan Hökuməti ilə Maldiv Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanıb. Bu beynəlxalq müqavilə ikitərəfli münasibətlərin təşviqinə xidmət edir və vətəndaşların qarşılıqlı gediş-gəlişini sadələşdirir.
Sazişə əsasən, Azərbaycan və Maldiv vətəndaşları etibarlı ümumvətəndaş pasportu ilə qarşı tərəfin ölkəsinə vizasız səfər edə və 90 günədək qala bilərlər. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti ən azı 180 gün olmalıdır. 90 gündən artıq qalmaq, işləmək və ya təhsil almaq istəyən şəxslər əvvəlcədən vizanı əldə etməlidirlər.
Tərəflər Sazişi milli təhlükəsizlik, ictimai asayiş və sağlamlıqla bağlı zərurət yarandığı hallarda müvəqqəti olaraq, tamamilə və ya qismən dayandıra bilərlər.
Xəbəri sosial şəbəkələrdə paylaşın.
