Ermənistan nümayəndə heyətinin Bakıya səfərinin təfərrüatları açıqlanıb – Kilsə ziyarəti və maraqlı qarşılaşmalar

Azərbaycan.media xəbər verir ki, Ermənistan mətbuatı 21–22 noyabr tarixlərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində gerçəkləşən erməni nümayəndə heyətinin Bakı səfəri barədə yazmağa davam edir. Səfərdə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyan iştirak ediblər.

Ermənistan nümayəndə heyətini Bakıda müşayiət edən Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Modern.az-a açıqlamasında səfərin bəzi detalları barədə məlumat verib.

Onun sözlərinə görə, ermənistanlı QHT nümayəndələri Bakıda yerləşən erməni kilsəsini də ziyarət ediblər. “Ermənistan nümayəndə heyətinin son 10 ildə Bakıya səfər etmədiyini nəzərə alsaq, onlar üçün hər şey maraq doğururdu. Kilsənin dövlət tərəfindən erməni kilsəsi kimi qorunduğunu gördülər”, – deyə F.Məmmədov bildirib.

Nümayəndələrə kilsədə saxlanılan Prezident Kitabxanasının kitab fondu – erməni dilində təxminən 5 min kitab da göstərilib. Ekskursiyanı İrəvanda anadan olmuş və erməni dilində sərbəst danışan kitabxana mütəxəssisi Jalə Qurbanlı aparıb.

Bakıda gəzinti zamanı maraqlı bir hadisə də baş verib: nümayəndə heyətinin üzvlərini şəhərin yaşlı sakinlərindən ikisi tanıyıb. Onlardan biri əslən İrəvandandır və o, Boris Navasardyanla erməni dilində söhbət edərək vaxtilə yaşadığı məhəllədən danışıb.

Fərhad Məmmədov qeyd edib ki, nümayəndə heyətinin üzvlərindən yalnız Boris Navasardyan müharibədən əvvəl Bakıda olub, digər iştirakçılar isə ilk dəfə Azərbaycana səfər ediblər.

Xatırladaq ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanın nümayəndə heyəti oktyabrın 21–22-də İrəvana səfər edib.