Kəlbəcərdə 32 ildən sonra açılan ilk məktəb fəaliyyətə başladı – Yeni təhsil kompleksi 2026-cı ildə istifadəyə veriləcək

Azərbaycan.media xəbər verir ki, Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi Kəlbəcərdə 32 ildən sonra açılan ilk təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Bu barədə AZƏRTAC-a açıqlamasında məktəbin direktoru Vəsilə Cəfərova məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə 27 müəllim və 63 şagirdlə tədris prosesinə start verilib. Hazırda məktəb müvəqqəti olaraq mobil tipli binada yerləşir. 2026-cı ildə isə daha böyük təhsil kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Yeni kompleksdə orta məktəb, uşaq bağçası, peşə məktəbi və yataqxana fəaliyyət göstərəcək.

Direktor bildirib ki, məktəbdə artıq Anım Günü, Zəfər bayramı və digər əlamətdar günlər münasibətilə müxtəlif tədbirlər keçirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunur.

Vəsilə Cəfərova özünün də Kəlbəcər sakini olduğunu vurğulayaraq deyib: “Kəlbəcər şəhəri 2 nömrəli tam orta məktəbi 1992-ci ildə bitirmişəm. Həmin il Şuşa və Laçının işğalı səbəbindən son zəngimiz keçirilmədi. 2025-ci ildə isə doğma şəhərdə açılan ilk məktəbə direktor kimi qayıtmışam. Bu, mənim üçün böyük qürurdur.”