Deputat Elnarə Akimova Stansiya Sumqayıt ərazisində seçicilərlə görüşüb – Yeganə məktəbdəki sıxlıq diqqətə çatdırıldı

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Stansiya Sumqayıt ərazisində seçicilərlə növbəti səyyar görüşünü keçirib.

Görüş zamanı deputat sakinlərin gündəlik üzləşdikləri problemlər, sosial qayğıları, kommunal xidmətlər, məşğulluq və infrastrukturla bağlı məsələlər barədə onların fikirlərini dinləyib. Bir sıra vətəndaşlar deputata fərdi qaydada müraciət edərək sərnişindaşıma və digər sahələrlə bağlı narahatlıqlarını səsləndiriblər.

Elnarə Akimova qaldırılan hər bir məsələnin müvafiq qurumlara çatdırılacağını, problemlərin isə nəzarətdə saxlanılacağını bildirib.

Səfər çərçivəsində deputat Stansiya Sumqayıt ərazisində yerləşən 43 saylı orta məktəbi də ziyarət edib. Məlumat verilib ki, 1500 ailənin yaşadığı ərazidə 250 nəfərlik məktəbdə hazırda 771 şagird 3 növbədə təhsil alır. Deputat məktəbin pedaqoji kollektivinin üzləşdiyi çətinliklərlə tanış olub, direktor Ülviyyə Mahmudova ilə birlikdə məktəbin kitabxanasına da baxış keçirib.

Millət vəkili qeyd edib ki, sakinlərlə səyyar görüşlər davamlı şəkildə təşkil olunacaq və səsləndirilən bütün məsələlərin həlli diqqətdə saxlanılacaq.

Azərbaycan.media