🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı-Qazax magistralında işıqlandırma problemi narazılıq yaradıb

Azərbaycan.media xəbər verir ki, Bakı-Qazax magistralının Sahil qəsəbəsindən Şıxova qədər uzanan hissəsində (Bakının Qaradağ rayonu ərazisində) yolun işıqlandırılması ilə bağlı ciddi problemlər müşahidə olunur.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hər gün səhər saat 07:00 radələrində bu istiqamətdə işıqlar söndürülür. İddia edilir ki, dünən ümumiyyətlə yol boyunca işıqlandırma olmayıb. Bununla yanaşı, Şıxov ərazisində saat 07:20 olmasına baxmayaraq, işıqların hələ də yanması diqqət çəkib.

Sakinlər bildirirlər ki, həm səhər, həm də axşam saatlarında yaranan bu uyğunsuzluq təhlükəsizlik baxımından ciddi risk yaradır. Qeyd olunur ki, yolun işıqlandırılması hissə-hissədir — bəzi sahələrdə işıqlar yanır, digər sahələrdə isə tamamilə söndürülür.

Mövzu ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya isə hələlik cavab verilməyib.