Azərbaycan.media xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisində (TBMM) Gürcüstanla dostluq qrupunun rəhbəri Faruk Çelik və qrupun üzvləri ilə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi, yüksək səviyyədə qarşılıqlı səfərlərin müsbət dinamikası və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlər müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə hazırlıq ifadə ediblər.
Söhbət zamanı parlamentlərarası əməkdaşlıq, dostluq qrupları və müvafiq komitələr arasında sıx əlaqələrin inkişaf etdirilməsi məsələlərinə də toxunulub. Həmçinin Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatın regional əməkdaşlıq üçün mühüm platforma olduğu xüsusilə qeyd edilib.
TBMM nümayəndə heyətinin üzvləri ilə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradzenin ayrıca görüşü də baş tutub. Tərəflər üçtərəfli əməkdaşlığın bölgədə təhlükəsizlik və sabitliyə verdiyi töhfələri vurğulayıblar.
Görüşlərdə regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında mövcud vəziyyət və sülh prosesinin gedişi də müzakirə edilib. Tərəflər bölgədə dayanıqlı sülhün bərqərar olunmasının vacibliyini və bu prosesdə Türkiyə ilə Gürcüstanın rolunu önə çəkiblər.
