Göyçayda yazıçı-dramaturq Əli Səmədlinin 95 illiyi və “Arvan” kitabxanasının 30 illiyi qeyd edilib

Azərbaycan.media xəbər verir ki, Göyçayda yazıçı-dramaturq, uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Əli Səmədlinin 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbir Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nəzdində fəaliyyət göstərən 3 saylı “Arvan” kitabxanasında baş tutub.

Yubiley mərasimində rayon ziyalıları, sənətsevərlər, jurnalistlər, kitabxana əməkdaşları, eləcə də yazıçının qız övladları və qohumları iştirak ediblər. Qeyd olunub ki, tədbir yalnız Əli Səmədlinin 95 illiyi deyil, həm də onun şəxsi vəsaiti ilə yaratdığı “Arvan” kitabxanasının 30 illiyi münasibətilə əlamətdardır.

“Arvan” kitabxanasının müdiri Mehriban Məmmədova giriş nitqində Əli Səmədlinin həyatından, yaradıcılığından və kitabxananın fəaliyyətindən danışıb. O bildirib ki, Əli Səmədli 1930-cu il sentyabrın 1-də Mallı-Şıxlı kəndində müəllim ailəsində anadan olub, 1948-ci ildə Göyçayda orta təhsilini bitirdikdən sonra Bakıdakı İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Yazıçının mədəniyyət, incəsənət və uşaq mətbuatı sahəsindəki fəaliyyəti, gənc nəslin maariflənməsinə göstərdiyi töhfələr vurğulanıb.

Tədbirdə çıxış edən şair-publisist Adil Məmməd, müəllim Rafiq Abdullayev, şair və müəllim Şəmsiyyə Qaramanlı, eləcə də tarixçi və AYB üzvü Aqil Kəngərli Əli Səmədlinin zəngin yaradıcılığı, şəxsiyyəti və “Arvan” kitabxanasının bu gün də layiqli fəaliyyətini davam etdirməsi barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, hazırda uşaq ədəbiyyatında yazıçının düşündürücü əsərlərinə böyük ehtiyac var.

Daha sonra yazıçının həyatı haqqında çəkilmiş sənədli filmdən fraqment nümayiş olunub, müəllifin “Heç bilməzdim”, “Analar oğul doğun”, “İkimiz bir nağıl olaydıq”, “Ana və bala” şeirləri və “Bəhməz və bal” satirik hekayəsi səsləndirilib.

Tədbirdə rəssam pedaqoq Ehtiram Kərimovun bir gün ərzində çəkdiyi “Əli Səmədli” portreti və həvəskar rəssam Rəşid Kazımovun “Nəsimi” portreti “Arvan” kitabxanasına hədiyyə edilib.

Sonda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, Əli Səmədli 30 il əvvəl Göyçayda “Arvan” adlı kitabxana-muzey yaradaraq şəxsi kitab fondunu, tarixi-etnoqrafik əşyalarını, rəssamlıq və heykəltaraşlıq nümunələrini uşaqlara bəxş edib. O, 55 ildən artıq uşaq və gənclər ədəbiyyatı sahəsində fəaliyyət göstərib, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Yazıçının əsərləri 20-dən çox xarici dilə tərcümə olunub, “Artıq tamah baş yarar” nağıl-pyesi isə 1964–1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə səhnələşdirilib.