Radiolu günlərimizdən Zümrüd Səfərovanın xatirələri — II hissə

Azərbaycan radiosunda keçən 40 il ömrümün ən gözəl illəri olub. Radio sadəcə iş yeri deyil, doğma bir ocaq idi. Burdakı səmimiyyət, mehribanlıq, zarafatların istiliyi bu gün də yaddaşımdan silinmir…
              “Narod sizi görmək istəyir”
Çoxdanın söhbətidir. Bir dəfə bütün redaksiyamız direktorun əlindən bərk əsəbiləşmişdik. İçərimizdən bir nəfəri seçib sədr müavini Aqşin müəllimin yanına göndərdik ki, bizi qəbul etsin, şikayətimizi deyək…
Həmin adam bir azdan qayıdıb gəldi ki, müavin qəbul etmir. Əslində biz onun “qabiliyyətinə” bələd olduğumuz üçün əvvəl göndərmək istəməsək də, özü könüllü getmək istədiyindən etiraz edə bilmədik.
Soruşduq:
— Sən nə dedin ki?
Qayıtdı ki:
— Dedim: Aqşin müəllim, narod sizi görmək istəyir.
O da dedi ki:
— Narod mitinqdə olar. Naroda de, çıxsın mitinqə…
              “Adam aldığını qaytarar”
Radioda elə bil yaxşı adamları seçib bir yerə yığmışdılar. Hər biri özəl idi. Hər biri istedadlı, səmimi, dürüst insanlar idi. Hər biri mehriban, qayğıkeş, saf adamlar idi. Hər biri savadlı, mədəni səviyyəsi yüksək, həm də çox sadə jurnalistlər idi.
Bizim redaksiyamız dördüncü mərtəbədə yerləşirdi. Bütün redaksiyaların əməkdaşları bizim otağa yığışırdılar. Verilişləri biz proqramlaşdırırdıq, hazır verilişləri biz yığırdıq, ona görə də otağımız həmişə qələbəlik olurdu…
Günorta vaxtı kartof qızardırdıq, hamı gəlib mütləq onun dadına baxmalı idi. Bir də görürdün, Mailə xanım Muradxanova əlində bir qab yemək bizə pay gətirirdi, əvəzində də bir qab kartof aparmalı idi. Və yaxud Səltənət Səfərli bir gün gəlib deyirdi ki: “Ay qızlar, Hidayət (həyat yoldaşı) bir kletka yumurta alıb, iki sarılıdı. Gətirmişəm, montaja gedirəm, fəsilədə bişirin, o vaxta kimi gəlib çıxaram.” Biz də Səltənətin gətirdiyi yumurtaları dəyişirdik, gələndə yanındaca sındırırdıq- hanı iki sarılıdı? O da and-aman edirdi ki, vallah, evdə bişirmişik, iki sarılı çıxıb.
Bir gün yenə kartof qızardırdıq. Otağa Hacı Qaradan da xəsis Rəfiqə xanım gəldi. Dedi:
— A, kartof qızardırırsız, yumurta niyə vurmursuz? Dayan, gedim gətirim.
O vaxt ərzaq qıtlığı idi. Nə qədər etiraz eləsək də, qulaq asmadı, gətirib yumurta verdi. Biz də kartofun üstünə vurduq. İki gündən sonra xəbər göndərdi ki:
— Dördüncü mərtəbədəkilərə deyin, yumurtamı qaytarsınlar. Burda mənim fermam yoxdur ki…
Biz qaldıq məəttəl, bilmədik nə edək. Elə bu vaxt qapı açıldı. Böyükxanım qabın içində iki yumurta gətirdi ki:
— O gün Mailə xanıma pay vermisiz, biz də qabınızı boş qaytarmadıq.
Mən tez yumurtaları götürüb beşinci mərtəbəyə qalxdım:
— Al, bu sənin yumurtan, bu da gec gətirdiyimizə görə əlavə ikinci yumurta.
Rəfiqə xanım dedi:
— Aç soyuducunu, qoy. Bir də yadınızda saxlayın: adam aldığını geri qaytarar…
   Çörək yeməyən adamın çörək xeyirxahlığı
İş yoldaşlarım Maya xanım və onun həyat yoldaşı Fikrət Ağazadə… Bu insanları heç vaxt unutmaq olmaz. Onların xeyirxahlığını onları tanıyanlar çox yaxşı bilirlər. Fikrət Ağazadənin hər səhər tezdən təndirə gedib aldığı çörəklər və çörəklə bağlı etdikləri yaxşılıqlar gözümün önünə gəldi… Fikrət Ağazadə bakılıların təbirincə desək, vasvası adam idi. Anasının yeməyindən başqa heç yerdə yemək yeməzdi. Anası dünyasını dəyişəndən sonra Fikrət ömrünün axırına qədər sadəcə bubliklə yaşadı.
Fikrət xalq şairi Rəsul Rzanın yaxın qohumu idi. Şair həmişə uzaq yerlərə Fikrətin maşınında gedərdi. Rəsul müəllimi görənlər şairin şərəfinə qoyunlar kəsərdilər, qonaqlıqlar verərdilər. Fikrət isə eləcə uzaqdan baxardı. Rəsul müəllim uşaqlara tapşırardı ki, çörəyin arasına bir azacıq quyruq qoysunlar ki, Fikrət hiss etməsin, bir tikə də olsa, yesin…
Fikrət özü yeməsə də, hər səhər tezdən oyanar, təndir çörəyi alıb dünyasını dəyişmiş dostlarının evinə aparardı ki, uşaqları atasız olduqlarını hiss etməsinlər. Uzun illər yazıçı Ənvər Məmmədxanlının qapısından təndir çörəyini asıb işə gələrdi. Çox illərdən sonra Ənvər müəllim bilmişdi ki, hər səhər ona çörək alıb gətirən AzTV-nin rejissoru Fikrət Ağazadədir.
Həyatda bu cür insanlar olub və dostlarının dəyərini biliblər. İndiki vaxtda dəyərlər azalsa da, həyatda sadiq insanlar yenə də var və olacaq da. Çünki dəyərləndirmək tərbiyədən, mədəniyyətdən, insanın insana olan sevgisindən gəlir.
Allah Maya xanıma, həyat yoldaşı Fikrət Ağazadəyə və bircə övladları İlkinə rəhmət eləsin. Xalq şairi Səməd Vurğun deyib ki, “Çörək bol olarsa, basılmaz vətən…”
Allah heç kəsi çörəklə imtahana çəkməsin.
“Bir gün səninlə obed eləsin, bir gün mənimlə”
Hər il Laçının işğalı günü gələndə, yadıma bir redaksiyada neçə illər bir yerdə çalışdığım, əslən laçınlı Famil Məmmədov düşür.
Famil həddən artıq nizam-intizamlı, məsuliyyətli, vaxtında işə gələn, vaxtında gedən, heç vaxt işdən bir saat da olsun tez getməyən, işgüzar bir adam idi.
Hələ onun fasilə vaxtı özü üçün açdığı süfrəni heç bir qız-gəlin aça bilməzdi…
Bir gün iş yoldaşımız Bunyam otağımıza əsəbi-əsəbi gəlib dedi:
— Yeməkxanadan gəlirəm, bağlı idi. Evdə də nə qədər deyirlər “evdən yemək apar”, qulaq asmıram.
Famil də dedi ki:
— Əsəbiləşmə, yemək çoxdur, gəl bir yerdə yeyək.
Bunyam yeyib-içəndən sonra durub gedəndə dedi ki:
— Ay, Famil, sənin nə gözəl səliqən varmış! Səninlə bir binada yaşasaq da, bir idarədə işləsək də, bu cür “xozyaystvenni” olduğunu bilməzdim.
Bu sözləri eşidən Qulam müəllim də Bunyama qayidasan ki:
— Ay, Bunyam, bundan sonra sən gəl, həmişə Familə “obed” elə…
Bunyam gedəndən sonra Famil Qulam müəllimə dedi:
— Qulam müəllim, təklif var ki, Bunyam bir gün sizinlə, bir gün də mənimlə “obed” eləsin…
Bir gün də Famil dedi ki:
— Əhmədlidə yeni mağaza açılıb, uşaqlar üçün xarici çantalar satırlar. Mən uşaqlar üçün aldım, kim istəyir, ona da alım.
Dedim ki:
— Bizim Sevincə də lazımdır, zəhmət olmasa onun üçün də al.
Səhəri Famil çantanı alıb gətirdi. Çanta o vaxt üçün həm çox gözəl, həm də çox maraqlı idi. Günel də çox balaca idi, məktəbli vaxtı deyildi, amma çanta çox xoşuna gəlmişdi deyə, kürəyinə bağlayıb evdə gəzirdi və Sevincə heç cür vermədi. Məcbur olub Famildən ikinci çantanı almağı xahiş etdim. Bu əhvalatı da həmişə yadımıza salıb gülürdük.
Allah Familə rəhmət eləsin, kaş ki Qarabağın qayıtmasını görəydi…
        “İstəyirsən bazara gedim səninçün”
Bir gün radioya xəbər yayıldı ki: “Bəs, sabahdan nizam-intizamla bağlı kitabça olacaq, hamı səhər işə gələndə kitaba qol çəkəcək.” Bu işə nəzarəti isə rayon qəzetindən təzə gələn, özünü rəsmi işçi bilən xanıma tapşırıblar.
Mən dedim:
— Ay aman, sabah uşağı pirkəsinin vaxtı olduğu üçün həkimə aparmalıyam.
Baş redaktordan icazə aldım, dedi ki:
— Eybi yox, geciksən heç nə olmaz, kitabcayla məşğul olan xanıma da xəbərdarlıq et ki, sonradan problem olmasın.
Mən həmin xanıma sabah bir az gec gələcəyimin səbəbini dedim. Xanım da çox rəsmi olduğundan qulaq asıb heç nə demədi, mən də çox dərinə getmədim, bunu razılıq əlaməti kimi başa düşdüm.
Səhəri gün işə çatanda həmkarlarım qadının redaksiyamıza gəlib, kitabcadakı mənim adım olan qrafaya “kartof” işarəsi yazdığını söylədilər…
Mən nə kartof, nə işarə deyib məsələni aydınlaşdırmağa getdim. Qadın mənə qulaq asandan sonra dedi:
— Bax, xanım, bura işdir, işdə özün bilirsən, slujba slujbadır, drujba da drujbadır… İstəyirsən bazara gedim sənin üçün, istəyirsən dükana gedim sənin üçün, amma işdir. Gecikmisən, kartof yazmışam, yenə geciksən, yenə yazaram…
Üstündən bir qədər vaxt keçdi, kitabça da yaddan çıxdı, qol çəkmək də. Yaradıcı idarədə belə işlər alınmırdı…
Yayın qızmar vaxtı idi. Redaksiyamızın əksəriyyəti məzuniyyətdə idi. Qadın özünü həyəcanlı halda otağa saldı ki:
— Bəs mənim verilişim proqramda niyə yoxdur?
Dedim:
— Plan verməmisən, ona görə.
Dedi:
— Bəs mən nə edim?
Yadıma onun dedikləri düşdü… Dedim:
— Heç nə. İstəyirsən dükana, bazara gedim sənin üçün, amma iş işdir. Verilişin efirə getməyəcək…
Veriliş efirə getməsə, demək qadın qonorar da almayacaq…
Qadın bilmirdi nə etsin. Nə qədər xahiş etdi, dedim ki, olmaz.
— Slujba slujba, drujba da drujba…
Qadın getdi, bir azdan baş redaktoru gəldi. Dedi:
— Bu nə məsələdir?
Dedim:
— Plan verməyib, ona görə.
Dedi:
— Mən xahiş edirəm…
Dedim:
— Narahat olmayın, mən onun kimi deyiləm. Veriliş efirə gedəcək, sadəcə, onun etdiklərini özünə qaytarıb kefini çıxararam…
                 “Qayda var, qanun var”
Bizimlə bir redaksiyada Moris adlı bir nəfər də işləyirdi. Moris həddən artıq təmkinli, nizam-intizamlı, rus dilini səlis bilən, bütün qayda-qanunlara əməl edən, bir sözlə, hər cəhətcə disiplinli adam idi.
Morisın atası əslən bakılı olsa da, vaxtilə bölgələrdə yüksək vəzifələrdə işlədiyinə görə ailədə 4 uşağın hərəsi bir yerdə anadan olmuşdu. Moris də Kəlbəcərdə dünyaya gəlmişdi.
Bizimlə işləyəndə Morisin ata-anası dünyasını dəyişmişdi. Ata-anadan onlara şəhərin mərkəzində 4 otaqlı mənzil qalmışdı. Sonralar həmin evi onlardan alıb, əvəzinə şəhərdən aralı bir yerdə mənzil vermişdilər.
“Niye elə uzaq yerlə razılaşdın, axı siz şəhərin mərkəzində yaşayırdız?” deyəndə cavabı bu olurdu:
— Qayda var, qanun var, belə lazım biliblər, deməli belə də olmalıdır.
Deyirdik: “Axı evinizdə həmişə telefon olub, heç olmasa köhnənin yerinə təzə telefon çəkdir, o vaxt çoxu “vozduşnu” çəkdirirdi.”
Moris isə cavab verirdi:
— Bizim binada hələ kabel yoxdur, hamıya çəkəndə bizə də çəkəcəklər, heç kəsdən artıq deyilik ki…
Moris bütün ömrü boyu qayda-qanun gözlədi. Bütün ömrü boyu gözlədi ki, bacıları ailə qursun, sonra özü evlənsin. Deyirdi ki:
— Qayda-qanun var, əvvəl bacılar köçməlidir, sonra qardaşlar evlənməlidir.
Həyat elə gətirdi ki, nə bacılar köçdü, nə də Moris evləndi…
Ömrü boyu bütün qayda-qanunlara əməl edən Moris, ona xəbərdarlıq etmədən pensiyaya göndərildiyini eşidəndə ilk dəfə etiraz etdi. Hətta o vaxt üçün normal məbləğ sayılan əlavə 100 manat pulu belə almadan Radiodan çıxıb getdi.
      Xoşxasiyyət kişi və bədxasiyyət qadın
Kim deyir ki, xasiyyət dəyişilir, inanmayın, yalan sözdür. Hər şey dəyişə bilər, xasiyyət isə çətin… Kim anadan gəlmə mülayimdirsə, o heç vaxt sərt ola bilməz; və yaxud sərtdirsə, mülayim ola bilməz. 7-də nədirsə, 77-də də odur…
Radioda bir ailə vardı. Kişi nə qədər yumşaq idisə, qadın bir o qədər sərt idi. Kişi nə qədər əliaçıq idisə, qadın bir o qədər bərk idi. Kişi nə qədər qonaqpərvər idisə, qadın tam əksi idi. Kişi nə qədər qohumcanlı idisə, qadın heç öz qohumlarını belə sevməzdi. Kişi nə qədər altdan alırdısa, qadın tam üstələyirdi…
Bir dəfə onlarda qonaqlıq olur. Qadın da yaxşı evdar olduğu üçün gözəl süfrə açır, cürbəcür yeməklərdən sonra stola şirniyyat gətirir. Hər şey öz qaydasında gedir. Çay süfrəsi də yığışdırılır.
Evin kişisi qonaqlıqdən çox məmnun qalır, yadına soyuducudakı qarpız düşür. Xanımından xahiş edir ki, qarpızı da kəsib gətirsin.
Bütün bu qonaqlıqdan və qonaqlardan bəzən qadın daha dözməyib qəzəblənir:
— Çay süfrəsindən sonra qarpız yeyərlər?
Bunu deyib qarpızı gətirib stolun üstünə gillətməsi ilə qonaqların aradan çıxması bir olur…
                  “Yəhimov yox, Həhimov”
Radioya ilk gəldiyim vaxtlar idi. Redaksiyamızda “Rəhimov” soyadlı, orta yaşlı bir nəfər vardı. “R” hərfini “y” kimi tələffüz edirdi. Bir dəfə materialın sonunda imza yerində zarafatla Rəhimov əvəzinə “Yəhimov” yazdım.
Bir azdan Rəhimov əlində material gəlib dedi ki, imzanı düz yazmamısan, “Yəhimov” yerinə “Yəhimov” yazmısan. Dedim ki, elə mən də elə yazmışam. Dedi: “Yox e, Yəhimov düzdür.” Özümü elə göstərdim ki, guya heç nə başa düşmürəm.
Hamı uğunub gedirdi. Dedim: “Siz yazın, baxım görüm necə yazılır.”
Rəhimov materialı alıb düzəliş edib mənə qaytardı. Baxdım ki, yazıq kişi çaşdığından Rəhimov əvəzinə “Həhimov” yazıb…
                “Davamını mənə danış”
Bir iş yoldaşımız vardı, həddən artıq çox danışan idi. Xəta edirdin salam verəsən- əlindən qurtulmaq qeyri-mümkün idi. İnsan nə qədər danışar, nə qədər danışar… Özü də nöqtəsiz-vergülsüz. Bilmirdin, hansı söz hansı sözə aiddir.
Bir dəfə bir iş yoldaşımızı evdən təcili telefona çağırdılar. Özü otaqda yox idi. Bir nəfəri göndərdik ki, getsin, onu çağırsın. Adam getdi, gəlmədi. İkincisini göndərdik, o da geri dönmədi. Əlimdəki işi qoyub çıxdım ki, bunlar hardadır. Gördüm, ilişiblər koridorda həmin çoxdanışan adama. O danışır, bunlar da məzlum-məzlum qulaq asırlar…
Məni görən kimi adam uca səslə dedi:
— Gəl, gəl, sən də qulaq as, maraqlı söhbət edirəm!
Bu birilərinin üzünə baxdım, gördüm ki, bunları ağlamaq tutub… Adam söhbətə təzədən başlamaq istədi, tez dedim:
— Sən icazə ver, bunlar getsinlər, işləri var. Qalanını mənə danış. Əvvəlini də onlar vaxtları olanda danışarlar…
        “Bir oxlov nədir ki, arvadını danırsan”
Bir gün mərhum Maya xanım və həyat yoldaşı, mərhum Fikrət Ağazadə işə getmək üçün troleybusa minirlər. Troleybusda yumorist- yazıçı Aslan Abdullayevlə rastlaşırlar.
Maya xanım Aslan müəllimin yanındakı boş oturacağa əyləşir, Fikrət müəllim isə onların başı üzərində dayanır. Növbəti dayanacaqda troleybusa oxlov satan bir qadın minir.
Maya xanım, həmişəki kimi baməzə olduğundan, Aslan müəllimə deyir:
— Aslan, Aslan, o oxlovlardan ikisini mənə al da, nə olar?
Aslan müəllim cavab verir:
— Ərin burda dura-dura mən niyə alıram? Ərin alsın da… Özü də sən yemək-zad bişirirsən ki, iki oxlov istəyirsən? Bişirsən, yazıq Fikrət bu gündə qalmaz ki…
Oxlov satan qadın bir hündürboy, xeyli çəkili Maya xanıma, bir yekə cüssəli Aslan müəllimə, bir də boyca kiçik, cəlimsiz Fikrət müəllimə baxıb deyir:
— Kül sənin kişi başına, bir oxlov nədir ki, bu cür gözəl-göyçək arvadına almırsan?!
Aslan müəllim tez əlavə edir:
— Vallah, bu mənim arvadım deyil, bu kişinin arvadıdır.
Qadın yenə inanmır, əli ilə oxlovu göstərib deyir:
— Al e, külü qoyum təpənə…
                 “Sən Allah tanış tapma”
Bir dəfə Maya xanımla işdən çıxıb dayanacaqda avtobus gözləyirdik. Avtobus da gəlib çıxmaq bilmirdi. Bu arada kiçik marşrut taksisi gəldi. Maya xanım mindi və dedi:
— Sən də min, yarı yolda düşərsən.
Mən minmək istəmirdim, amma sürücünün gözlədiyini görüb çarəsiz mindim. Bu marşrut taksisi həm bizim tərəfə getmirdi, həm də yol pulu adi avtobuslardan dörd dəfə çox idi… Çətin vaxtlardı…
Marşrutda radionun sayılıb-seçilən diktoru Əli Məmmədəoğlunu gördük. Əli bəy yumoru incəliyinədək bilən və yerində işlədən adam idi. O, təəccüblə soruşdu:
— Sən niyə buna minmisən? Bu, bəyəm siz tərəfə gedir?
Dedim ki, Maya xanım əl çəkmədi ki, “yarı yolda düşərsən”. O biri dayanacaqda Əli bəyin bir tanışı mindi. Əli bəyin başı həmin adamla hal-əhval tutmağa qarışdı.
Mən isə daha bir dayanacaqdan sonra düşməli idim. Düşməyə hazırlaşanda Əli bəy dedi:
— Bay, nə tez düşürsən? Elə indicə minmisən ki, bir az da gedərdin də… Bəlkə bizim uşaqlardan minən oldu…
Dedim:
— Əli bəy, sən Allah, tanış tapma… Bir manatım var, heç olmasa 20 qəpik o biri avtobusa qalsın…
Tofiq Günaydın, Mailə Muradxanlı və digərləri
1990-cı ildə bizə direktor müavini Tofiq Sultanov gəldi. Hamıya tapşırırdı ki, ona “Günaydın” deyib salamlaşsınlar. Rəfiqəm Maya xanım deyirdi:
— Tofiq müəllim, mən işə sizdən bir saat əvvəl gəlirəm ki, bu sözü deməyim, dilim öyrəşməyib.
O vaxt bu söz hamı üçün təzə idi. Sonralar hamımız öz aramızda Tofiq müəllimə “Günaydın müəllim” deyirdik, adını demək olar ki, unutmuşduq…
Radionun ən gözəl insanlarındən biri də Mailə xanım Muradxanlı idi. Mailə xanım gözəl jurnalist, gözəl insan, gözəl də baş redaktor idi.
Mailə xanım redaksiyasına (Ədəbi- dram) istedadlı gəncləri toplamışdı, əksəriyyəti gözəl qələm sahibləri idi. Həmin gənclərin hazırladıqları verilişlər o vaxt çox populyar idi və üstündən uzun illər keçməsinə baxmayaraq, “Bulaq” verilişi indi də öz dinləyicilərini qoruyub saxlayıb.
Mailə xanım gənc jurnalistlərə analıq-bacılıq edirdi, onlara hər cür maddi-mənəvi kömək göstərirdi. Yadımda qalıb, Natiqin neçə illər Radiodan getməsinə baxmayaraq onun üçün efirdə yeni veriliş açmışdı. Ayda bir dəfə “Tərcümə saatı” efirə gedirdi və çoxsaylı dinləyicisi vardı. Natiq proqram üçün məşhur yazıçıların əsərlərini, pyeslərini tərcümə edirdi.
Mailə xanım hamıya kömək əlini uzadardı. Kim onun yanına bir xahişlə gəlsə, heç vaxt əli boş qayıtmazdı. O, təkcə öz redaksiyasına deyil, bütün işçilərə əlindən gələn köməyi əsirgəmirdi.
Mailə xanım hamının xeyrində-şərində birinci iştirak edirdi. Allah Mailə xanıma rəhmət eləsin, ruhu şad olsun. Yaxşı insanlar heç vaxt unudulmur…
Aqşin müəllim – sədr müavini, hamımızın müəllimi.
Valid Sənani – baş redaktorumuz, hamının əvəzinə işləyən, heç kimin qəlbinə dəyməyən.
İlyas Adıgözəlli – sakit, səmimi insan, ömrünü-gününü Radioya bağlayan.
Rafiq Savalan – uşaq redaksiyasının baş redaktoru, balacaların sevimlisi.
Maya xanım – mən ona “əməkdar dinləyici” deyirdim, hamının dərdinə diqqətlə qulaq asardı, ürək-dirək verərdi.
Almaz xanım – deyən-gülən, zarafatcıl.
Lətifət xanım – ürəyiyumşaq, hamıya kömək əlini uzadan.
Türə xanım – sirr dağarcığı, heç kimin sözünü danışmayan.
Sevil Əliyeva – doğma bacım, həmişə pozitiv, enerjili.
Rəhman – hamıya çatan, hamının qayğısına qalan.
Sevinc Mütəllibova – redaksiyanın sonbeşiyi, ərköyünü.
Abbas Rüstəmov – proqram direktoru, sevimli müəllimimiz mərhum Tofiq Rüstəmovun yadigarı.
Elmira Qurbanova, Maşallah Xuduyev, Tahir Paşa, Telman Qarayev – xeyirxah, səmimi insanlar.
Məryəm xanım – həmkarlar komitəsinin üzvü, hamıya dayaq.
Bütün bunları xatırlayınca düşünürəm ki, nə yaxşı ki sizinlə çiyin-çiyinə çalışmışam, nə yaxşı ki sizi tanımışam…
(Davamı var)
Mənbə: Azərbaycan.media