Azərbaycan.media xəbər verir ki, Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş İdarəsinin direktoru, general-leytenant Yaşar Kadıoğlu ilə görüş keçirib. Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, Yaşar Kadıoğlu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra Gürcüstana gələn Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Heyət gürcüstanlı həmkarları ilə birgə qəza yerində aparılan axtarış-xilasetmə və istintaq işlərinə qoşulub.
Görüş zamanı general-leytenant Yaşar Kadıoğlu səmərəli fəaliyyətə və koordinasiyaya görə Geka Geladzeyə təşəkkür edib. O bildirib ki, qəza yerində çalışan Gürcüstan polis bölmələri peşəkarlığı və operativ fəaliyyəti ilə seçilib.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycandan geri qayıdan Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr məsafədə qəzaya uğrayıb. Hadisə nəticəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.
