Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemində qeydiyyatda olan müəssisələrdə hazırda 1273 nəfər valideyn himayəsindən məhrum uşaq yaşayır. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasına görə, həmin uşaqlardan 745-i oğlan, 528-i isə qızdır.
Məlumatda qeyd olunur ki, 2025-ci il ərzində müəssisələrdə yaşayan valideyn himayəsindən məhrum olmuş 31 uşaq övladlığa, 12 uşaq isə himayədar ailələrə verilib. Sözügedən altsistem vasitəsilə uşaqların müəssisələrə yerləşdirilməsi, eləcə də onların övladlığa və himayədar ailələrə verilməsi istiqamətində işlər aparılır.
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, uşağın ailəsinin olmaması və ya ailədə qalmasının mümkün olmadığı hallarda onun müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edilir.
