Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
AZƏRTAC-ın məlumatına görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov və müəssisənin baş direktoru Kamran Həsənov dövlət başçısına istehsal sahəsi barədə məlumat veriblər.
Beynəlxalq standartlara uyğun qurulan müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada il ərzində antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul istehsal ediləcək. Məhsullar daxili bazara təqdim olunmaqla yanaşı, gələcəkdə ixrac da planlaşdırılır. Müəssisədə 120 nəfər üçün iş yeri yaradılıb.
Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına reallaşdırılıb. Şirkət, İqtisadiyyat Nazirliyinin verdiyi investisiya təşviqi sənədi üzrə idxal olunan avadanlıqlara görə 6,5 milyon manat məbləğində güzəşt əldə edib.
Yeni müəssisənin işə düşməsi Azərbaycanın əczaçılıq sənayesində növbəti inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman istehsalının bütün mərhələləri həyata keçiriləcək ki, bu da yerli istehsalın genişlənməsinə və rəqabətqabiliyyətli məhsulların ixrac potensialının artmasına töhfə verəcək.
Müəssisə həmçinin əczaçılıq sahəsində kadr hazırlığı üçün baza rolunu oynayacaq. “Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və “Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 Günəş paneli quraşdırılıb. Bu panellər enerji sərfiyyatının təxminən 40 faizini təmin edəcək.
