Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib. Bu barədə məlumatı Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yayıb.
Ədalət Məmmədov sənət təhsilinə Bakı İncəsənət kollecində başlayıb, daha sonra Kiyev və Lvov Akademiyalarında davam etdirib. O, yağlı boya, keramika və heykəltəraşlıq sahələrindəki yaradıcılığı ilə seçilib, həmçinin Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, məşhur ustad İ.F. Monastırskidən dərs alıb.
Rəssam 1988-ci ildən etibarən müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib. Onun əsərləri 1995-ci ildə Stokholmda keçirilən “Dünyanın ən görkəmli 200 rəssamının sərgisi”ndə nümayiş olunub.
UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan Ədalət Məmmədovun əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
