Azərbaycan.media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səyahətə çıxan sürücülərə müraciət edərək yol təhlükəsizliyi ilə bağlı vacib tövsiyələr verib.
İdarədən bildirilib ki, həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır:
“Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur. Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır”, – BDYPİ qeyd edib.
Sürücülərə xatırladılıb ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır.
