Şair və qəzəlxan Arif Buzovnalı vəfat edib

Azərbaycan.media xəbər verir ki, şair və qəzəlxan Arif Buzovnalı 53 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, o bu gün yaşadığı evdə vəfat edib.

Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979–1989-cu illərdə 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub.

1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə yollanıb. O, atəşkəsə qədər – 1994-cü il 1 mayadək – Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.

Şair kimi fəaliyyətinə gəlincə, 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə “Azərbaycan Gəncləri” qəzetində işıq üzü görüb.