Mütəxəssis payızda vitamin çatışmazlığına qarşı faydalı qidaları açıqladı

Azərbaycan.media xəbər verir ki, payız mövsümündə vitamin çatışmazlığının qarşısını almaq üçün qidalanmada müəyyən məhsullara xüsusi yer verilməlidir. Bu barədə ROSBIOTECH Universitetinin İ.A. Roqov adına Tətbiqi Biotexnologiya və Qida Mühəndisliyi İnstitutunun direktoru Dmitri Kulikov “Gazeta.Ru”ya açıqlama verib.

Mütəxəssis bildirib ki, menyuya kərə yağı daxil etmək A, E, D və K vitaminlərinin çatışmazlığı riskini azaldır. Çörək isə mineral və amin turşusu defisitinə qarşı effektiv vasitə sayılır. Kulikovun sözlərinə görə, insan orqanizmi mikroelementləri ehtiyat şəklində saxlaya bilmədiyi üçün onların mütəmadi qida vasitəsilə qəbul edilməsi vacibdir. Bu baxımdan vitamin və minerallarla zənginləşdirilmiş məhsullara üstünlük verilməsi tövsiyə olunur.

Onun sözlərinə görə, hazırda bir sıra ərzaqların tərkibinə əlavə vitamin və mineral kompleksləri, eləcə də təbii bitki mənşəli əlavələr qatılır. Məsələn, südün tərkibinə D vitamini əlavə edilməsi məhz bu məqsədə xidmət edir. Mütəxəssis qeyd edib ki, payız-qış mövsümündə günəş işığının azalması səbəbindən orqanizmdə D vitamini səviyyəsinin düşməsi riski artır və süd məhsulları bu boşluğu doldurmaq baxımından mühüm rol oynayır.

Kulikov deyib ki, D vitaminini xüsusi zənginləşdirilmiş süd, hazır qidalanma kokteylləri və A, E, K vitaminləri ilə zənginləşdirilmiş yağlardan almaq mümkündür. O, prebiotiklər və bioloji aktiv maddələrlə zəngin içkilərin də rasiona daxil edilməsinin faydalı olduğunu vurğulayıb.

Eyni zamanda ekspert xatırladıb ki, kərə yağının həddindən artıq istifadəsi tərkibindəki doymuş yağlar və yüksək xolesterol səbəbindən zərərli ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, sağlam insan gün ərzində 10–20 qram kərə yağı qəbul etməlidir ki, bu da bir-iki çay qaşığına bərabərdir.

Kulikov həmçinin qeyd edib ki, bəzi istehsalçılar məhsullarını yüksək aktiv B vitaminləri (B6, B9, B12) ilə də zənginləşdirir və bu cür qidalar payız-qış mövsümündə xüsusilə faydalıdır.