Azərbaycan.media xəbər verir ki, amerikalı hip-hop qrupu “The Fugees”in üzvü, reper Pras (Prakazrel Samuel Michel) ABŞ-ın sabiq prezidenti Barak Obamanın 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirdiyinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “NBC News” məlumat yayıb.
İstintaqın məlumatına görə, musiqiçi Malayziyanın dövlət fondu “1Malaysia Development Bhd”dən (1MDB) vəsait mənimsəməkdə təqsirləndirilən və beynəlxalq axtarışda olan malayziyalı iş adamı Co Loudan 120 milyon dollardan çox pul alıb. Müstəntiqlər müəyyən ediblər ki, reper həmin vəsaitin bir hissəsini Obamanın seçki kampaniyasını maliyyələşdirmək üçün istifadə edib.
Proses zamanı məlum olub ki, Pras şahidləri susdurmağa cəhd göstərib, həmçinin Lou ilə bağlı istintaqa mane olmaq məqsədilə məhkəməyə yalan məlumat verib. O, xarici hökumətin qeydiyyatsız agenti kimi fəaliyyət göstərməkdə də günahkar bilinib.
Reper məhkəmədə ifadə verməkdən imtina edib. Onun vəkili açıqlayıb ki, hökm məsələsi ilə bağlı apelyasiya şikayəti veriləcək.
