Azərbaycan.media xəbər verir ki, noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidentləri Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.
Görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla anılıb, onun Vətən uğrunda xidmətləri, peşəkarlığı, şücaəti və mərdliyi barədə söz açılıb.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış ev-muzeyinə baxış keçiriblər.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi kəşfiyyatçısı, “Qoca” ləqəbli Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astaranın Əzərüd kəndində anadan olub. O, 1999-cu ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edib və 17 il ərzində ölkənin təhlükəsizliyi uğrunda fədakarcasına mübarizə aparıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlib.
Pəncəli Teymurov sağlığında bir sıra medallara və mükafatlara layiq görülüb. O, ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif edilib. Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncama əsasən, ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.



